Müsahibə və barəsində yazılar, Xəbərlər

Daima xalqın keşiyində dayanan  böyük alim – professor Əjdər İsmayılov 80!

Böyük alim və tənqidçi, görkəmli ictimai-siyasi xadim, türkçü, Turan Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, filologiya elmləri doktoru, professor Əjdər İsmayılovun 80 illik yubileyi tamam oldu. Öz geniş tədqiqat əsərləri ilə erməni yalanlarını dünya ictimaiyyətinə çatdıran və ermənilərin tarixi saxlataşdırmaq cəhdlərinə qarşı zəngin ədəbiyyat sahibi Əjdər İsmayılov elm fədaisi olan alimlərdəndir. Ömrünün böyük hissəsini elm yolunda qurban verən alim Azərbaycanımızın dilbər guşəsi olan Naxçıvanın sayılıb-seçilən, zəngin soy-kökünə sahib bir nəslin nümayəndəsidir. Böyük nəslin nümayəndəsi kimi Əjdər İsmayılov ömrü boyu Vətənə, xalqa ləyaqətlə xidmət etməyi özünün ilk növbədə vətəndaşlıq borcu hesab edir. Buna baxmayaraq özü şəxsən heç vaxt yüksək vəzifələrə yiyələnmək arzusunda olmayıb. O, elm və maarif yolunu seçib. Əbəs deyil ki, bu gün Azərbaycan tarix və ədəbiyyatşünaslığında əsərlərlə erməni yalanlarını ifşa edən, erməni tarixşünaslığının yalanlar üzərində qurulmasını və sadə bir mif olmasını beynəlxalq aləmə bəyan edən mötəbər əsərlər onun qələmindən çıxıb.

Əjdər İsmayılovun müəllifi olduğu "Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları", "Moisey Xorenatsi anonim keşiş müəllifdir", "Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir" kitabları müasir dövrdə erməni yalanlarına, onların tarixi Azərbaycan torpaqlarına köçürülməsini tarixi sənədlərlə sübut edən ən tutarlı mənbələrdəndir. Azərbaycan tarixşünaslığına yeni çalar gətirən bu elmi əsərlər böyük zəhmətin və gərgin axtarışların nəticəsidir. Elə bu yerdə professor Qəzənfər Kazımovun sözlərini xatırladım: "Axır ki, türkün bir oğlu tapıldı və 300 illik erməni mifini vurub dağıtdı, puça çıxartdı. Bu, filologiya elm­­ləri dok­toru, pro­fessor Əjdər Tağı oğlu İsmayılovun  çox böyük zəh­­mətin nə­ti­cəsində meydana gə­tir­diyi "Qədim Ön Asiya və Ön Qaf­­qaz türk tay­fa­la­rı"  kitabıdır."

Azərbaycan ədəbiyyatına dəyərli töhfələr bəxş edən professor Əjdər İsmayılov eyni zamanda Azərbaycan ədəbiyyatında Hüseyn Cavidin ədəbi irsini mükəmməl araşdıran cavidşunas alim kimi də tanınır. Onun "Dünya romantizm ənənəsı və Hüseyn Cavid", "Azərbaycan sovet Ədəbiyyatında Hüseyn Cavid ənənələri", "Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi"  Hüseyn Cavid və Şekspir (İblis – Otello), Hüseyn Cavid və Hete, Hüseyn Cavid və Bayron, Hüseyn Cavid yaradıcıılığında azad qadın problemi  və bir çox elmi əsərləri elm adamları, sadə oxucular, o cümlədən cavidşünaslar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Əjdər Tağı oğlu İsmayılov 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində ziyalı ailəsində anadan olub. İlk təhsilini Çomaxtur kəndindəki 7 illik orta məktəbdə alıb. Əjdər İsmayılov  tanınmış ictimai xadim Məşədi Mahmud İsmayılovun nəvəsi, istiqlalçı, partizan, "Qırmızı tabor"un komandirlərindən olan Tağı İsmayılovun oğlu, hidro-meliorator Həsən İsmayılovun qardaşıdır. Əjdər İsmayılovun atası Tağı İsmayılov zəmanəsinin tanınmış inqilabçısı və erməni quldurlarına qarşı amansız mübarizə aparmış partizan komandir, Nuru Paşanın ödül verdiyi sonralar Abasqulubəy Şadlinskinin komandanlığı altında Şərur – Dərələyəz, Vedibasar,  Çanaxçı, Çüvə, Paşalı, Söylən, İstisu istiqamətlərində erməni – daşnaqlarına qarşı bir sıra qəhrəmanlıq nümunələri göstərmiş partizan komandirlərdən olub. Əjdər İsmayılov uşaqlıq illərindən kitaba və mütəliəyə böyük maraq göstərib. Bu maraq sonralar onun ədəbiyyat sahəsinə həvəs göstərməsinə gətirib çıxarır. O, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1963-1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun Rejisorluq fakültəsində təhsil alaraq, rejisor Mehdi Məmmədov və aktyor Rza Təhmasibdən dərs alıb. 1961-1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru, Daxili İşlər Nazirliyinin, "Şərq qapısı" qəzetinin əməkdaşı kimi fəaliyyət göstərib. O, 1977-1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin Ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor vəzifələrinədək yüksəlib.

Tanınmış professor Əjdər İsmayılov 1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı olub. Akademiyanın vitse-prezidenti akademik Məmməd Arif Dadaşzadənin rəhbərliyi altında "Hüseyn Cavidin tarixi dramları" ("Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam") mövzusunda namizədlik dissertasiyasını 1974-cü ildə müdafiə edib. Əjdər İsmayılovun bu dissertasiyası öz aktuallığını bu gün də qorumaqdadır. Əjdər İsmayılov Azərbaycan ictimaiyyətində cavidşünas alim kimi tanınır. 1982-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında təsdiq edilmiş "Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi" mövzusunda doktorluq dissertasiyası ətrafında araşdırmalara başlayıb. Burada ədəbiyyatşünaslığımızda Azərbaycan romantizminin yaranmasını 1905-1917-ci il hadisələri ilə bağlayan fikir sahiblərinin əksinə olaraq, Hüseyn Cavid romantizminin mənşəyinin Zarvan ("Avesta") fəlsəfəsindən başlandığını, sənətin fəlsəfi-estetik dəyərləri baxımından Türk "Tənzimat ədəbiyyatı" başda olmaqla, mütəfəkkir şairin dünya ədəbiyyatının korifeylərinin sənət yoluna bağlılığı demonizm kontekstində araşdırılıb. Əjdər İsmayılov H.Cavid yaradıcılığının ideya-fəlsəfi, bədii-mifoloji köklərini açıb göstərmiş, sənətkarın aləmindəki milli və ümümbəşəri cəhətləri tədqiq etmişdir.

Tanınmış tənqidçi, ədəbiyyatşunas, sənətşunas professor A.L.Şteyn (Moskva) hələ ötən əsrin 80-ci illərində Əjdər İsmayılovun elmi araşdırmalarını belə dəyərləndirmişdi: "Biz-romantizm ədəbiyyatı mütəxəssisləri Əjdər İsmayılovun elmi araşdırmalarına qədər dünya romantizminin XIX əsrdə sona yetdiyi fikrindəydik, sən demə, XX əsrdə Hüseyn Cavid kimi sənət nəhəngi varmış".

O, 300-ə yaxın elmi əsər, məqalə və müsahibələrin müəllifidir. Eyni zamanda məşhur "91-lər"dən və Yeni Azərbaycan Partiyasının yaradıcılarındandır. Əjdər İsmayılovun elmi fəaliyyəti ilə yanaşı siyasi fəaliyyəti də təqdirəlayiqdir. Əjdər İsmayılov ötən əsrin 90-cı illərində ölkəmizdə baş verən ağır ictimai-siyasi mübarizədə ümummilli lider Heydər Əliyevin daima yanında olmuş və xalqın azadlığı uğrunda mübarizə aparmışdır. 1992-ci ilin 21 aprelində Azərbaycan Respublikasına prezident seçkisi öncəsi Şərur əhalisinin toplantısını təşkil etmiş, Heydər Əliyevin prezidentliyə namizədliyini irəli sürdürmüşdü. Bu toplantı müdrik siyasət rəhbərinin Azərbaycanı müstəqilliyə aparacaq mübarizə yolunun başlanğıcı idi. Toplantının çıxardığı qərarı 22 aprel 1992-ci ildə Bakı şəhərində yerləşən döyüşən Naxçıvana hər cür köməklik göstərən "Əlincə" cəmiyyətinə çatdırmışdı.

1992-ci ilin avqust ayında o, Şərur rayonunda ziyalılardan ibarət "Heydər Əliyev tərəfdarları" təşəbbüs qrupunu yaratmış, rayon ərazisini dairələrə ayırmış və bir neçə ayda otuz iki mindən artıq tərəfdarı siyahıya aldırmışdı. Şərurluların bu fəaliyyəti 1992-ci il 21 noyabr tarixində YAP-ın Naxçıvan şəhərində keçirilən təsis konfransının tarixi əsasını qoymuş oldu. 1992-ci ilin 24 aprelində Əjdər İsmayılov keçmiş Azərbaycan SSR Ali Sovetinin binası qarşısında ədalətsiz "Yaş senzi" ilə bağlı keçirilən mitinqlərin fəal təşkilatçılarından və iştirakçılarından olmuşdu. 9 dekabr 1992-ci ildə (№ 51(80) səh.7) "Səs" qəzetində "Partiyamızın lideri xalqdır" bəyanatı ilə Heydər Əliyev partiyasının xalqın partiyası olduğunu bəyan etdi və məşhur "Heydər – Xalq, Xalq-Heydər" devizi bu bəyanatın siyasi formulu kimi yaranmış oldu.

1992-ci ilin 28 oktyabr tarixində Naxçıvan Muxtar Respublikası ictimaiyyəti nümayəndələrinin Ali Məclisin binasında keçirilən toplantısında az qala uçuruma yuvarlanan ölkənin xilasına gəlmiş Heydər Əliyevin ətrafında sıx birləşməyə çağıran Əjdər İsmayılov bu sözləri deyib: "Moskvada olarkən Heydər Əliyev qəlbinin sağlamlığını xalqına qurban verdi. O, rus qoşunlarını Naxçıvandan hadisəsiz, gül-çiçəklə yola saldı. Mənim qəti tələbim budur ki, Heydər Əliyevə qarşı yönəldilmiş təxribatlara son qoyulsun". Ümummilli lider Heydər Əliyevin göstərişi ilə Əjdər İsmayılov yazdığı bəyanatı toplantı iştirakçılarına özü çatdırmışdı. 1993-cü ilin 27 yanvarında ümummilli lider Heydər Əliyevin iştirakı ilə keçirilən Yeni Azərbaycan Partiyasının Şərur təşkilatının təsis konfransında Əjdər İsmayılov çıxışında bu sözləri deyib: "…Vətənimizi hədələyən fəlakətlərdən qorumaq üçün Allahın yolladığı bu müdrik xilaskarı biz həyatımız bahasına olsa da, qorumalıyıq".

1994-cü ilin məlum qanlı qüvvələrin cevrilişə cəhd etdikləri 4 oktyabr hadisələrində də Əjdər İsmayılov yenə də ilk anlarda ümümmilli lider Heydər Əliyevin yanında oldu. Xalqın Heydər Əliyevə olan sevgisi hakimiyyəti xilas etdi, fəlakət arxada qaldı və səhəri günü hava işıqlaşanda saat 6-da Heydər Əliyevlə iş otağından çıxan yerdə görüşüb, onu evə yola salan üç nəfər – Şeyxülislam Hacı Allahşükür Paşazadə, Cəlal Əliyev bir də Əjdər İsmayılov olmuşdu

1994-cü il 5 oktyabr tarixində ümummili lider Heydər Əliyevin göstərişi ilə Azadlıq meydanında yüz minlərlə əhalinin iştitak etdiyi dövlət çevrilişinə həsr edilmiş mitinqin təşkilatçılarından biri də məhz Əjdər İsmayılov olub.

Lakin siyasi fəaliyyətdən çox elmi fəaliyyətə üstünlük verən Əjdər İsmayılov özünü daha çox elm xadimi hesab edir. Çünki ədəbiyyat onun ruhundadır. Buna baxmayaraq, müəllimlər və məsləkdaşları onu daha çox tənqidçi kimi görmək istəyirdilər. Belə də oldu. O, bir alim kimi öz kitablarında hər zaman həqiqəti bütün çılpaqlığı ilə əks etdirib. Həyatda da belədir. Həqiqət onun üçün ən ali məram, ən ümdə vəzifədir. Bu vəzifənin öhdəsindən Əjdər İsmayılov layiqincə gəlməyi bacarıb. Müdriklərdən biri deyib:"Hər bir kişi həyatı boyu bir ev tikməli, bir ağac əkməli, və oğul böyütməlidir". Əjdər İsmayılov bundan daha artığını  edib. O, yalnız öz ailəsinin yox, daima xalqın keşiyində dayanıb.

Həyatını xalqına həsr edən böyük alim 80 yaşın mübarək!

 

Vəli Əliyev,

AMEA-nın muxbir üzvü

http://olaylar.az/news/sosial/273037

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir