Namizədlik işi

Namizədlik işi

Əjdər İsmayılov 1969 –cu ildə Azərbaycan Respublikasi Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı olmuşdu. Görkəmli alim böyük insan – Azərbaycan Elmlər Akademiyasının Vitse-Prezidenti akademik Məmməd Arif Dadaşzadənin təklifi ilə “Hüseyn Cavidin tarixi dramları” (“Peyğəmbər”,”Topal Teymur”, “Səyavuş”,”Xəyyam”) mövzusunda namizədlik dissertasiyasını yazmış və onun rəhbərliyi altında 1974-cü ildə müdafiə etmişdi.
Bu müddətdək mütəfəkkir şairi qəbul etməyən, türkdilli xalqların ədəbiyyatına, mədəniyyətinə və tarixinə qarşı Kremlin beynlərin tiryəkinə çevrilmiş düşmən doqmasına varis olan Ədəbiyyat İnstitutunun bəzi aparıcı professorlarının bədxah hədəflərindən (xüsusən Məhəmməd Peyğəmbərin və Əmir Teymurun şəxsiyyətilə əlaqədar) yayınmaq üçün beş variantda dissertasiya yazmışdı. Bütün bu ciddi cəhdlərə baxmayaraq, dissertasiyanı Müdafiə Şurasına təqdim etmək üçün keçirilən yığıncaqda illərlə aparılan araşdırmalara öz elmi arqumentini qoymaq əvəzinə, Sovet Ədəbiyyatı şöbəsinin əməkdaşlarından olan tanınmış professorlardan biri çox əsəbi halda qəti düşmən mövqeyində dayanaraq, hamını heyrətə salan kəskinliklə demişdi: ”Biz cibində Kominist partiyasının biletini gəzdirən bu cavan alimi başa salmalıyıq ki, Cavidin şəxsiyyəti aministiya almışdı, bədii yaradıcılığı yox.”
Stalin represiyyasının qurbanlarından olan mütəfəkkir şairi yenidən qaralamağa çalışan cahil professordan başqa, yığıncaq dissertasiyanın Müdafıə Şurasına təqdim edilməsinə razılıq verdi. Ancaq illərdən bəri Hüseyn Cavidin ruhu üzərində dolaşan fəlakət kabusunun yeni varisinin yuxusu ərşə çəkilmişdi, partlamaq dərəcəsinə gəlmişdi və açıq şəkildə məktubla Azərbaycan Respublikası Mərkəzi Komitəsinə müraciət etmişdi: “Akademik Dadaşzadənin rəhbərliyi altında onun dissertantı Azərbaycanda pantürkizmi və panislamizmi dirildir. Bu, Turançılıq bəlasıdı !”
Həmin illərdə Heydər Əliyevin Azərbaycan Respublikası Mərkəzi Komitəsinin Katibi olması, habelə dissertasiyanın akademik Dadaşzadənin rəhbərliyi altında yazılması qarayaxa alimlərin bədxah niyyətlərini boşa çıxarmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir