Kateqoriyasız

Heydər Əliyev müasir Azərbaycanın banisidir – ümmümmilliliderin  ən yaxın silahdaşlarından biri, məşhur 91-lərdən, YAP-ın ən fəal yaradıcılarından biri olan, professor Əjdər İsmayılovla müsahibə

Əjdər İsmayılov: «Milli Qurtuluş günü vətəndaş müharibəsindən qurtulub, dünyəvi bir dövlətin bünövrəsinin qoyulduğu gündür» 

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Bundan sonra ölkəmizdə hakimiyyət böhranı yarandığından özbaşınalıq hökm sürürdü. Bundan istifadə edən erməni təcavüzü günü-gündən güclənir və azğınlaşırdı. AXCP hakimiyyətə gəlsə də bu vəziyyəti daha da gərginləşdirdi, ölkədə vətəndaş müharibəsi təhlükəsi yarandı.
Azərbaycanın ziyalıları bu vəziyyətdən çıxmağın yolunu Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişində görürdülər. Bir qrup ziyalı yığılaraq Heydər Əliyevi Bakıya dəvət etdilər ki, bu da ən düzgün yol idi. Həmin o, ağır illəri xatırlamaq üçün Heydər Əliyevin ən yaxın silahdaşlarından biri, dəfələrlə həyatı təhlükələrdə olan, hətta gecə evində yanğın törədilən, bütün ailəsini məhv etmək istədikləri, məşhur 91-lərdən, YAP-ın ən fəal yaradıcılarından biri olan, professor Əjdər İsmayılovla görüşüb o illərə tarixi ekskurs etdik.
– Əjdər müəllim, partiyanın yaranma dövrünün ilk illərini necə xatırlayırsınız?
– Azərbaycan sərhəd boyu erməni təcavüzünə məruz qalmışdı. Belə bir psixioloji gərginlik içərisində yaşayan Naxçıvanı ovcunun içərisində hesab edən erməni-daşnaq təcavüzkarları Heydər Əliyevin gözlənilmədən ata-baba yurduna qaydışından bərk təşvişə düşmüşdülər. Naxçıvan vilayətinin iliyi donduran dəhşətli şaxtalı günlərində isti ocağa, elektirik işığına həsrət qalmış 350 min əhalisi Azərbaycan rəhbərliyi tərəfindən də unudulmuşdu. Qarşıdakı Prezident seçkilərinə müdrik ağsaqqalımız Heydər Əliyevin namizədliyini irəli sürmək üçün mən 1992-ci ilin 21 aprel tarixində Şərur rayon mədəniyyət şöbəsinin müdiri, hazırda Müdafiə Nazirliyinin məsul işçisi Abdulla Qurbaninin vasitəsilə mədəniyyət evində böyük bir toplantı keçirdik. 110 minlik Şərur əhalisi adından toplantıda çıxarılan qərarı 22 aprel tarixdə Mərkəzi Seçki Komissiyasının son toplantısına çatdırdım. Mərkəzi Seçki Komissiyasının sədri olan Cəfər Vəliyev amiranə tərzdə bildirdi ki, “Naxçıvan nümayəndəsi gedə bilər. Siz onsuz da Prezidentinizi seçmisiniz”. Mən Naxçıvan Vilayəti əhalisi adından söz demək üçün ondan beş dəqiqə vaxt istədim. Ancaq o, mənə toplantını tərk etməyi təkidlə tələb etdi.
Divardan asılmış avtomat telefonla Naxçıvan nümayəndəliyinin rəhbəri Həsən Zeynalovla əlaqə saxladım, olub keçəni onunla söhbətləşdik. Dedim ki, mitinq keçirmək, Cəfər Vəliyevin rədd etdiyi insanların səsini hamıya, çatdırmaq və özünü itirmiş respublika əhalisini silkəliyib özünə qaytarmaq, bu dar gündə Böyük Xilaskarı adamların yadına salmaq gərəkdir. Bu gün bizim ən şərəfli vətəndaşlıq borcumuz bundan ibarətdir.
Beləliklə, 1992-ci il aprelin 24-də Azərbaycan SSR Ali Sovetinin qarşısında “yaş senzi” ilə bağlı təşkil etdiyimiz mitinqin ilk gününü mən Azərbaycanda yeni bir dövrün – Heydər Əliyev dövrünün başlanğıcı hesab edirəm. Həmin mitinqdə mən səbatsız iqtidarın siyasi korafəhmliyindən parçalanmağa gedən Azərbaycanı xilas etmək naminə xalqın Heydər Əliyevi hakimiyyətə çağırması barədə bəyanət verdim.
Xatırladım ki, çıxışlarımda camaata çatdırdığım məxvi faktları o vaxt xüsusi tapşırıqla məni mühafizə edən, bütün varlıqları ilə Heydər Əliyevə sadiq olan orqan işçilərindən alırdım. Onlar toplantı başlayandan qurtaranadək maşınlarda toplantının arxasında hər şeyi nəzarət altında saxlayırdılar. Əgər bu adamlar olmasaydı, çıxışlarımda adlarını çəkdiyim Kremlə söykənən ruspərəst cahil və nadan irtica qüvvələrinin əlindən çətin ki, xilas olardım.
– Bəs belə bir çətin vəziyyətdə “yaş senzi”ni ləğv etmək üçün toplantının tələbnaməsini o zaman hakimiyyəti müvəqqəti idarə edən Yaqub Məmmədova çatdırılmasına necə nail oldunuz?
– Mitinq davam edirdi. Mərhum Murtuz Ələsgərov, Səfiyar Musayev və mən Ali Sovetin qəbul otağına qalxdıq. Oradan Yaqub Məmmədovun köməkçisi ilə saxladığımız əlaqəyə görə Prezidentin vəzifəsini icra edən Ali Sovetin sədri beş nəfər nümayəndəmizi qəbul etməyə hazır olduğunu bildirdi. Biz yoldaşlarımızın yanına qayıtdıq. Yaqub Məmmədova təqdim ediləcək tələbnaməni əlində tutmuş Murtuz Ələsgərov dedi: Yaqub Məmmədov beş nəfər qəbul etməyə hazırdır, kim getmək istəyir?
Bu gün özlərini həmin mitinqin “qəhrəmanı” hesab edənlərdən səs çıxmadı. Bu bərk ayaqda üzüdönüklük edən, canından qorxan yoldaşlarımızın tərəddüdü  məni bərk əsəbləşdirdi. Dərhal tələbnaməni göydə qarmarlayaraq, arxama baxmadan pilləkənləri enməyə başladım. Arxamdan iti addımlarla mənə çatan dörd nəfərlə Prezident Aparatına gəldik.

Bizi Yaqub Məmmədov mərhum Afiyəddin Cəlilovla bərabər öz kabinetində çox mehriban, gülər üzlə qarşıladı. Bizə əyləşmək üçün yer göstərdilər. Sədrin göstərişi ilə ortaya çay gətirildi. Dilxorçuluq tamamilə aradan qalxdı. Mən ondan Prezident seçkisi gecəsi millətin başına gətiriləcək faciə ilə bağlı mitinqdə söylədiklərimdən məlumatı olub olmadığını soruşdum. (Mən Polyaniçkonun Kremlin yerli dayağı olan mötəbər bir şəxsin bağında gizlənən Moskvadan gəlmiş iki generalla birlikdə prezident seçkilərindən sonra qutudan çıxan və çıxmayan namizədlərin tərəfdarları arasında vətəndaş qırğını salmaq planı haqqında mitinqdə xəbərdarlıq etmişdim. Xalqı ayıq-sayıqlığa çağırmışdım). O, hər şeydən xəbərdar olduğunu dedi.
Mən cavabında dedim ki, deməli, xəyanətdən xəbərsiz başıbəlalı xalq həqiqətən prezident seçkisinin nəticələri axşamı yeni fəlakətlə üz-üzə dayanacaqdır. Mən ziyalıyam, Yaqub bəy, söylədiklərimi beş-üç nəfər eşitdi və evlərinə dağıldı, vəssalam. Bəs, Siz bu gün millətin rəhbəri hesab olunursunuz, nə üçün cəllad əlində qalan bu biçarə millətin taleyinə belə biganə yanaşırsınız?!
– Mən nə edə billəm, gücsüzəm – deyə, icraçı Prezident əsəbiliklə əlindəki qələmi özü də hiss etmədən masaya döyəclədi.
Nəhayət, söhbətimiz əsl məqsədin üstünə gəlib çatdı. Ölkəni ağzına almış bu alovdan xilas edə biləcək yeganə real bir qüvvə Heydər Əliyevin olması fikrimə şərik çıxan Yaqub Məmmədov:
– Düz buyurursunuz – dedi. O, oturduğu kreslodan qalxaraq səmimiliyinə inanmağa çalışdığım coşqunlula əlavə etdi:
– Professor, mən də Sizin kimi auditoriya müəllimiyəm. Afiyəddin bəy bilir ki, mən də razıyam Heydər bəy gəlsin, biz də bu əzablardan xilas olaq. Kişi, məni bu kresloya kleyləyiblər, inanın, qopa bilmirəm. Mən fövqəladə sessiyanı çağırmaq haqqında günü sabah qərar verəcəyəm.
Mən çox sakit, anlaşıqlı şəraitdə keçən üç saatdan artıq sürən millət taleli söhbətimizin ancaq bir neçə anını yad etdim. Lakin çox təəssüf ki, şəxsiyyətcə zəif və qorxaq olan Yaqub Məmmədova qarşı ruspərəst yerli qara qüvvələrin ölüm hədəsi ilk görüşümüzdə qərara gəldiyimiz nəticəni alt-üst etmiş oldu. Bununla da yerli “mauzerist”lərin Yaqub Məmmədovun alnına dirədikləri tapança onu millət qarşısında tarixi günaha batırdı: sessiyanın başlanma tarixi qeyri-müəyyən vaxta qədər uzadıldı. Məsələ belə olanda mitinqi Prezident Aparatının qarşısında saldıq. İqtidar bizdən 14 nəfər nümayəndə qəbul etməyə məcbur oldu. Afiyəddin Cəlilovla o zaman Aparatda söz sahibi olan başqa birisi ilə görüşdük. Ali Sovetin yığıncaqlarında Heydər Əliyevə qarşı təhqiramiz kampaniyalar təşkil edən mənimlə üz-üzə El Ağsaqqalımıza açıq düşmən mövqedə dayanan həmin söz sahibi ilə əsl küçə savaşına çıxmağa məcbur oldum – yeri gəlmişkən həmin şəxs bu gün millət vəkilidir.
Qəbuldan çıxarkən mərhum A.Cəlilov qolumdan yapışıb: “Professor tez bir zamanda bərk məşhurlaşmısınız, özünüzü gözləyin” – deyə, pıçıltı ilə xəbərdarlıq edəndə, “xəbərim var” cavabını verdim. Mən informasiyaları məni qoruyan Xüsusi İdarənin 3 nəfər işçisindən və mitinqin ikinci günündən meydana iki maşınla gələn DTK-nın əməkdaşlarından alırdım. Onlar Vətənə və Heydər Əliyevə həyatları ilə bağlı insanlardılar.
Mitinqin üçüncü günü akademik Cəlal Əliyev mənə dedi ki, axşam Heydər bəy zəng vurmuşdu, Sizin kimliyinizi öyrənmək istəyirdi. Mən dedim ki, sizin universitetin professorudur, mən də onunla burada tanış olmuşam. Kişi mənə dedi ki, Naxçıvana qayıdanda onun yanında olasınız. Mən də evə (Naxçıvana) qayıtdığım günün səhəri Heydər Əliyevin qəbulunda oldum. İki saatdan artıq çəkən söhbətimiz zamanı bütün hadisələri kiçik, lakin tarixi əhəmiyyəti olan bir dialoq alındı.
Heydər Əliyevə dedim: – Mitinqimiz bütün dünyaya bəyan etdi ki, Kremlin üç parlaq ulduzundan biri olmuş Heydər Əliyev böyük siyasətə qayıdır. Axı, bir gün xalqı meydanlara toplamaqla nə edə bilərik ki.
Heydər Əliyev özünəməxsus təmkinlə, biraz da məni daxilən öyrənmək marağı ilə soruşdu:
– Fikrin nədir?
– Xalqı bir yumruqda birləşdirmək üçün mütləq partiya yaratmalıyıq?
– Nə partiya?
– Milli Qurtuluş Cəbhəsi.
Gözü qarşısında aydınlaşan hədəfin sərrast atəş məqamına gəldiyini görən usta atıcı marağı ilə, bir qədər də daxildən gələn xoş səslə soruşdu:
– Əjdər bəy, “cəbhə” sözünə necə baxırsan?
– Təki partiya yaradaq, adı redaktə edərik.
Heydər Əliyev söhbətin istiqamətini dəyişdi. Partiyanı yaratmaq, yaxud yaratmamaq haqda bir kəlmə də söhbət olmadı. Ağrılı-acılı günlər bir-birinə calanırdı. Moskvada yuxarıda yad etdiyimiz qanlı planı Naxçıvana gəlib çıxan xəttini görmək və qiymətləndirmək ağlında olmayan yerli qüvvələrin son zamanlar Heydər Əliyevə qarşı tutduqları qəti irtica mövqeləri Vilayəti ölümlə hədələyirdi. Artıq gözləmək fürsəti əldən vermək demək idi. Heydər Əliyevdən bir cavab ala bilməsəm də yaşadığım Şərur əhalisinin hesabına “Heydər Əliyev tərəfdarları” adı altında siyahı aparmaq üçün yaratdığım təşəbbüs qrupu 1992-ilin avqust ayının sonlarında fəaliyyətə başladı. Artıq sentyabrın axırlarında on mindən artıq tərəfdar Şərur rayon qəzetinin mətbəəsində hazırlanmış bütün hüquqi nörmativlərə cavab verən blanklarda siyahıya alınmışdı. Mən bu haqda El Ağsaqqalına məlumat verdim. Bu gündən etibarən yeni partiya yaratmaq haqqında olan təklifim reallaşmağa başladı.
Heydər Əliyev göstəriş verdi ki, siyahı apararkən kəndlərdə olan 25-35 yaşlı müxtəlif ixtisaslı ali təhsil almış tərəfdarları ayrıca bir siyahıda 50-60 nəfərin adını mənə gətir, görək gələcəyimiz kimlərlə bağlıdır. Bundan sonra siyahıyaalmanın sürətini artırdıq. Qısa müddətdə 32 mindn artıq tərəfdardan imza topladıq.
Naxçıvanda, Babək rayonunda YAP-ın təşəbbüs qruplarına AR Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və həmin şöbənin sektor müdiri Qafar Əliyev kimi fəalları cəlb etdik. Çünki Ordubad və Culfa cəbhəçilərindən bəziləri Heydər Əliyevi məhv etmək və hakimiyyəti ələ keçirmək üçün şeytanın belə ağlına gəlməyən vasitələrə əl atmağa başladılar. Onların bəzi liderləri tərəfindən El Ağsaqqalını qətlə yetirmək üçün dəvət edilmiş üç nəfər PKK (biri qadın, ikisi kişi) əməkdaşlarının hərəkətlərini izləyib onların terrorçuluq qəsdlərini zərərsizləşdirdik. Cəbhəçilərin növbəti cəhdləri “Təbriz” mehmanxanasından “snayper” silahı ilə xilaskarımızı yatağında məhv etmək idi. İrtica qüvvələrinin bu şərəfsiz planları da tərəfimizdən alt-üst edildi. Bu qatil Bakıda Heydər Əliyevi terror etmək istəyərkən ələ keçirilən həmin Türkiyədən çağrılan muzdlu “killer” idi.
– Əjdər müəllim, 1993-cü ilin 27 yanvarında Heydər Əliyevin iştirakı ilə keçirilən YAP-ın Şərur təşkilatının təsis konfransında çıxışınızın bir yerində demişdiniz: «Quracağımız dövlətin heç bir strukturunda işə getməyəcəyimə and içirəm. Siz andınıza sadiq qaldınızmı?»
– Doğrudur, həqiqətən də həmin tarixi konfransda mən o bəyanatı verdim. Mən dedim ki, xalqım mənə çörək verib, məni oxudub elmlər doktoru, professor olmuşam. Bu gün də fəlakətlə üz-üzə dayanmış əziz xalqımın harayına bizlər çatmalıyıq. Biz xalqımın, vətənimin bu ölümlü və fəlakətli günlərində daşnakların “Böyük Ermənistan” yaratmaq istəyinin, düşmənlərimizin Azərbaycanı parçalamaq və Qafqazın siyasi xəritəsindən silmək planlarının reallaşmasının qarşısını ala biləcək yeganə şəxsiyyət Heydər Əliyevdir və Vətənimizi hədələyən fəlakətlərdən qorumq üçün Allahın yolladığı bu müdrik xilaskarı biz həyatımız bahasına olsa da, qorumalı idik. Qorumalı idik ki, Azərbaycanı məhz Heydər Əliyev xilas edə bilərdi.
Mən andıma sadiq qaldım, hakimiyyətin heç bir strukturunda işə getmədim. 1994-cü ildən təqaüdə çıxdım.
Ulu öndərlə söhbətlərimiz birində Azərbaycan xalqının etnik mənşəyi barədə maraqlı söhbətimiz oldu. O, dedi ki, bu tarixi hökmən yazmaq yeni dövlətçiliyimizin xeyrinə olar. Ümumtürk tarixinin bir hissəsi olan Azərbaycan-türk xalqının qədim tarixi ətrafında illərdən bəri apardığım araşdırmaların nəticəsi olaraq yazdığım iri formatlı 800 səhifəlik “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” kitabım ulu öndərimizin tövsiyyəsi ilə ərsəyə gəlmişdi. Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə iri həcmli monumental əsər oxuculara təqdim edilmişdi.
– Sonda bu proseslərin yekunu kimi nə deyə bilərsiniz?
– Bu gün Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev Azərbaycana uğurla başçılıq edir, bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir və Dünya Azərbaycanlılarının lideridir. İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünyada uğur qazanmasında, bir çox layihələrin gerçəkləşməsində, çətin diplomatik görüşlərdə fəal iştirak edərək Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətlər göstərmişdir. Bir sözlə, bu gün xalqımızın bütün təbəqələrinin hörmətini qazanmış, hər an onların yanında olan, bütün sahələrə diqqət ayıran, Yeni Azərbaycan Partiyasının layiqli lideri, Bütün Dünya Azərbaycanlılarının prezidenti İlham Əliyev Heydər Əliyevin çatdırıb həyata keçirə bilmədiyi bütün işləri həyata keçirəcək.
Möhtərəm İlham Əliyev ilk prezident seçiləndə geniş məzmunda teleqram vuraraq onu təbrik etdim və əzizimiz Heydər Əliyevin siyasətini davam etdirməkdə “köhnə qvardiya”nın həmişə onunla olduğunu dedim. Bu gün də biz möhtərəm prezidentimizin yanındayıq.

Bilman ALLAHVERDİYEV

Azad Azərbaycan qəzeti.  19.iyun2015  №84(2718)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir